Quru göz sindromu
Quru göz sindromu haqqında
Quru göz sindromu dünyada hər iki insandan birində rast gəlinir və göz həkiminə baş çəkməyin əsas səbəblərindən biridir. Göz quruluğu eyni zamanda həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Quru göz sindromunun simptomları
Quru göz sindromu xəstəliyi hər kəsdə eyni şəkildə baş vermədiyi üçün xəstəliyin əlamətlərinin üzə çıxması müəyyən vaxt alır. Quru göz sindromu xəstələrində əsas şikayətlər aşağıdakılardır:
- səhərlər gözlərdə çirklənmə
- yanma hissi
- ağrı
- qaşınma
- yorğunluq
- quruluq hissi
- gözün qızarması
- işıqdan qorxma
- bulanıq görmə
- batma hissi
- yad cisim hissi
Quru göz sindromu probleminin həllində gözləri nəm saxlamaq böyük əhəmiyyət daşıyır. Nə qədər qəribə görünsə də, gözlərin sulanması da quru göz sindromunun əlaməti ola bilər. Bunun səbəbi gözün səthindəki quruluğu bərpa etmək üçün, gözün qoruyucu mexanizminin işə düşməsi və göz yaşı ifrazını artırmasıdır. Ancaq bu “refleks pozğunluğu” gözün quruluğunu bərpa edə biləcək qədər uzun müddət davam edə bilmir və müvəqqətidir.
Quru göz sindromu gözlərin infeksiyaya yoluxma ehtimalını artırır və göz səthinə (bəzən qalıcı) zədə yetirə bilir.
Quru göz sindromuna səbəb nədir?
Göz quruluğunun səbəbi çox zaman göz yaşı miqdarının az və ya keyfiyyətinin aşağı olması ilə əlaqədardır. Gözün sağlam olması və yaxşı görməsi üçün göz səthində yetərli və davamlı bir göz yaşı təbəqəsi olması vacibdir. Göz yaşı gözü nəm saxlamaqla buynuz qişaya zərər verən və göz infeksiyasına səbəb ola biləcək toz, çirk və mikroorqanizmləri yuyur.
Normal göz yaşı təbəqəsi üç vacib kompanentdən ibarətdir:
- Yağlı kompanent
- Sulu kompanent
- Selikli (Mutsin) kompanent
Hər bir göz yaşı kompanenti gözün üstündə və ya yanında olan fərqli vəzlər tərəfindən ifraz olunur:
- Yağlı kompanent, göz qapaqlarında olan meybomi vəzləri ilə;
- Sulu kompanent, yuxarı göz qapaqlarının xarici tərəfinin arxasında yerləşən lakrimal vəzlər ilə;
- Mutsin kompanenti gözün ağını (sklera) əhatə edən konyunktivadakı qədəhəbənzər hüceyrələri ilə;
Sadalanan göz yaşı təbəqəsi kompanentlərinin hər hansı birində problem yaşanarsa göz yaşında qeyri-sabitlik yaranar və bu da öz növbəsində göz quruluğu ilə nəticələnə bilər.
Quru göz sindromunun yaranma riskləri
Aşağıda sadalanan bir sıra amillər quru göz sindromu riskini artırır. Onlara daxildir:
- kompüter istifadəsi
- kontakt linza istifadəsi
- yaşlanma faktoru
- tez-tez təyyarə ilə uçmaq
- siqaret və spirtli içki qəbulu
- sağlamlıq vəziyyəti (şəkər, hipertoniya və s.)
- bəzi dərmanların əks təsiri
- göz qapaqları problemləri
- kimyəvi yanıqlar
Əlavə olaraq sərt əsən külək, qadın cinsi (menopauza) və havanın çirklilik səviyyəsini də risk faktorlarına aid etmək olar. Quru göz sindromu eyni zamanda, qurdeşənəyi, revmatoid artrit, Şeqren sindromu (quru gözlər və ağızda quruluq) kimi sistem xəstəliklərinin simptomu kimi də özünü göstərir. Fokuslanma nəticəsində azalan göz qırpma refleksi də göz yaşının bərabər dərəcədə yayılmasına mane olaraq gözlərin qurumasına gətirib çıxara bilər. Həmçinin oksigenlə qidalanan və damarsız quruluşa sahib olan gözün ön hissəsi oksigen azlığı nəticəsində də gözün ön qişasında çatlar əmələ gətirə bilər.
Quru göz sindromunun diaqnostikası
Sizdə xroniki quru göz sindromunun olub-olmadığını bilməyin yeganə yolu, göz həkiminiz tərəfindən bir və ya bir neçə göz testlərinin aparılmasıdır. Bu test aşağı göz qapağının altına qoyulan nazik filter kağızı formasında olmaqla Şirmer testi adlanır və gözünüzdə göz yaşı ifrazı miqdarını müəyyən edir.
Göz həkiminiz yalnız diqqətli araşdırması nəticəsində gözünüzdə quru göz sindromunun mövcudluğu və ağırlıq dərəcəsini aşkar edə və gözlərinizin sağlam, rahat və yaxşı görməsi üçün ən düzgün müalicəni sizə təyin edə bilər.
Quru göz sindromunun müalicəsi
Şükürlər olsun ki, müasir dövrdə xroniki quru göz quruluğunun effektiv müalicə imkanları mövcuddur. Quru göz sindromu xəstəliyinin müalicəsində ilk öncə xəstəliyə səbəb olan faktorlar araşdırılır və səbəbi müəyyən olunduqdan sonra müvafiq müalicə həyata keçirilir.
Quru göz sindromu müalicəsində gel və ya damci şəklində lubrikantlar, nəmləndirici linzalar və göz yaşının buxarlanmasının qarşısının alınması üçün eynək təyin olunur. Əgər həkim təyinatına doğru əməl olunarsa xəstə tezliklə öz sağlamlığına qovuşur.
Xəstənin olduğu mühitin nəmli olması, bol su içilməsi, havalandırma və kondisioner sistemlərinin gözə birbaşa vurmaması, yay və ya qış aylarında eynəkdən istifadə edilməsi gözləri quruluqdan qorumaq üçün başlıca faktorlardır.
Bir çox hallarda süni göz damcıları və kiçik davranış dəyişikliklərinin müntəzəm istifadəsi (məsələn: kompüterdən istifadə zamanı tez-tez fasilə vermək, smartfonlardan az istifadə edilməsinə nail olmaq) quru göz simptomlarını xeyli azalda bilər.
Nəticə olaraq, göz həkiminiz sizə göz damcıları və tibbi prosedurlar tövsiyə etməklə orqanizminizin daha çox göz yaşı istehsalı və ifrazına nail ola və bununla da gözlərinizdə olan qıcıqlanma və iltihabı kimı narahatçılıqları aradan qaldıra bilər.